Azxeber.com-un oğurluğu

Fikirləşirdim ki, hardan, hansı materialdan yazmağa başlayım ki, qarşıma facebook sosial şəbəkəsində paylaşılan Sia.az-ın (Səs İnformasiya Agentliyinə məxsus rəsmi sayt) bir xəbəri çıxdı.  “Gənclər Müsavat Partiyasının qarşısında etiraz aksiyası keçiriblər” başlıqlı xəbərin  adı mənə qeyri-peşəkar gəldi.  Bu haqda danışmağa çox ehtiyac duymuram. Çünki başlıqlarla bağlı xüsusi bir post yazmaq niyyətindəyəm. Maraqlı olsa o postdan bu məlumatı alarsınız.

Sia.az-ın “peşəkar xəbəri”

Keçək məni bu postu yazamağa məcbur edən hadisəyə. Elə eyni sosial şəbəkədə azxeber.com saytı tərəfindən az sonra paylaşılan “Müsavat Partiyası qarşısında aksiya keçirənlər həbs olundu” başlıqlı yazı diqqətimi cəlb etdi. Azxeber.com-a rəhbərlik edən Hacıbəyin illərin təcrübəli jurnalistlərinin toplaşdığı Sia.az-dan yaxşı xəbər başlığı atması məni sevindirmişdi ki, arzum ürəyimdə qaldı. Sən demə, azxeber.com saytı xəbəri Sia.az-dan olduğu kimi köçürüb və müəllif agentliyə istinad etməyib. Daha doğrusu “SİA-nın məlumatına görə” ifadəsini pozaraq, özü üçün xəbər yaradıb. Bununla da o, müəllif hüquqlarını kobud şəkildə pozmaqla yanaşı, jurnalistika etikasına zidd hərəkət edərək, hələ də peşəkarlığa çox uzun yolunun  qaldığının altından xətt çəkir.

Azxeber.com – un oğurluğu

Qeyd etmək istəyirəm ki, sözü gedən oğru, etikasız xəbər saytının bir çox materiallarının monitorinqini etmək mənə maraqlı gəldi. Qarşılaşdığım nəticə müəllif hüquqlarına nisbətən əməl olunduğunu göstərdi. Ancaq bir şey də mənə aydın oldu ki, azxeber.com digər saytların materiallarını olduğu kimi hərifbəhərif köçürməklə özünə kontent düzəldirmiş. Təəssüf hissilə, sözügedən xəbər saytının müəllifi Hacıbəy Heydərliyə demək istəyirəm ki, ay Hacıbəy qardaş, mənbəyə istinad edərlər, daha üzünü köçürməzlər.

P.S. Qarşı tərəfin fikrini şərhlərdə görməkdən məmnun olarıq!